14.11.2022
Dekorativ kamin evinizi isitməyəcək, amma interyerinizə vizual istilik mütləq ki qatacaq! Bina evində yerləşən mənzili belə bağ/kənd evinə bənzədən bu elementin istifadəsi üçün müxtəlif interyer həllərini və nümunələrini sizinlə paylaşmaq istəyirəm. Dekorativ kamin üçün sizə nə baca, nə yanacaq, nə də hər hansı texniki qurğular lazım olacaq. «İsti» interyer üçün ehtiyacımız olan yalnız kamin portalı və bir az fantaziyadır. #1 Dekorativ kamin portalını saxlama yeri olaraq istifadə etmək olar. Məsələn, vintaj bir kamin çərçivəsinin iç hissəsində kitablar üçün rəflər yerləşdirmək maraqlı ideyadır. #2 Dekorativ kaminin iç hissəsinə düzülmüş şamlar ona əlavə işıq və gözəllik qatacaq. Kamin portalının materialına uyğun olaraq həm təbii, həm də LED şamlardan istifadə etmək olar. #3 İnteryerə uyğun olaraq, konsol kimi istifadə olunan beton kamin portalı ilə maraqlı görüntü əldə etmək olar. #4 Hər hansı divar nişində, kərpic fonunda yerləşdirilmiş sadə qara və ya ağ rəngdə kamin portalı o qədər təbii və isti görüntü yaradacaq ki, sanki o illərdir elə oradadır və onu hər an, ənənəvi qaydada istifadə etmək mümkündür. #5 İçi güzgü ilə dekorasiya edilmiş kamin portalı və onu tamamlayan digər güzgülü interyer elementləri ilə mənzilinizdə «bahalı» görüntü yarada bilərsiniz. #6 Güzgü ilə tamamlanmış digər dekorativ kamin nümunəsində isə böyük bir güzgü kaminin içində deyil, üst hissəsində yerləşdirilir. Pəncərələrlə eyni səviyyədə yerləşdirilmiş güzgü otaqda təbii işığı artırır və genişlik illüziyası yaradır. #7 Vintaj və ya daş kamini tam olaraq interyerinizə yaraşdırmırsınızsa, kamin portalını divarın bir hissəsi ilə eyni rəngə boyayaraq, onu çox şık sənət obyektinə çevirə bilərsiniz. Ən çox hansı nümunəni bəyəndiniz? Mətnin müəllifi: Practic & Perfect | Fidan